BƏHRAMIN ZALIM VƏZİRİ ÖLDÜRTMƏSİ

Tozlu kilimini yer qalxıb aldı,

Palçıq kölgəsini günəşə saldı.

Bu torpaq kürədə qəm yedi, Bəhram

Döndü yaş kərpicə; pozuldu tamam.

Tədbirlər aradı o canü dildən

Ki, seçib tikanı ayıra güldən.

Dünyanın zülmündən olunca agah

Ədalət yoluna qədəm qoydu şah.

Vəzirin felini edərkən xəyal,

Atdı kicgahına əlini dərhal.

Bürüdü sübhədək xəcalət onu,

Yatmağa qoymadı bu halət onu.

Gunəşin çeşməsi saxsı güldanda

Reyhanlar yetirib açan zamanda,[304]

Bəhram yağış görmüş təzə reyhana

Dönərək, dürr səpdi qəlbi yanana.

Fərman verdi: – Taxtım qurulsun gərək,

Yerə dar ağacı vurulsun gərək.

İzn alıb, axdı el barigah sarı,

Durdu əldə qılınc xas adamları.

Oturdu ölkənin məşhur ərləri,

Sürüldü yoxuşa ədalət nəri.

Camaat yığıldı, coşdu yığıncaq,

Gələnlər yaratdı əzəmətli dağ.

Vəzir ki, zülmündə ölkədə təkdi,

Gör onu şah necə zəncirə çəkdi.

Diriykən asıldı dardan o alçaq,

Öldü xəcalətdən oğrular sayaq.

Şah dedi: – Kim qalxsa bu cür göylərə,

Ruzgar yıxar onu bu minval yerə.

Xəyanətkar olar ellər bədnamı,

Pislərin pislikdir hər sərəncamı.

Zülm eyləyib əgər şur qaldırsa, bil,

Göndərər məzara onu hər adil.

Sanma ki, dayağı yox ədalətin,

Yer, göy qulluğunda durmuşdur mətin.

Kim salsa dünyada zülüm bağını

Deməli bağlar öz əl-ayağını.

Bəhram ədalətdə aldı yaxşı ad,

Etdi qurdla iti, çobanı tez yad.

Dəvətlə taxtü-tac verdi çobana,

Səadət, asayiş bəxş etdi ona.

Götürdü ölkədən bütün əngəli,

Kökündən qopardı zoru öz əli.

İşlətdi bu sayaq tədbirlər, demək,

Dəmiri zər oldu, palazı ipək.

Dənizləri keçən, dağları aşan

Qoşun, xəznə yığdı adil hökmüran.

Загрузка...