BƏHRAMIN PADŞAHLIĞI BƏHRAMIN TAXTA ƏYLƏŞMƏSİ

Bəhram sevdiyindən xeyirxahlığı

Uğurlu, mübarək oldu şahlığı.

Münəccim rəsəddə açıb min düyün,

Taxta oturmağa ayırmışdı gün.

Əsəddə qurmuşdu taleyi taxtı,

Sabitdi, möhkəmdi olduqca baxtı.[137]

Ən uca nöqtədə o bir günəşdi,

Ütarid ülkəri ona bir eşdi.[138]

Zöhrə Surə keçdi, Müştəri Qovsə,

Bu ev ziynətlənib, döndü Firdovsə,[139]

Hilal onda idi, altıda Bəhram,[140]

Məclisi bəzədi qılınc ilə cam.

Uzadıb əlini Zühəl Mizana,

Toplamışdı xəznə yerdən Keyvana.[141]

Belə bir mübarək gün idi durdu,

Gözəl xislətli şah taxta oturdu.

Bol mirvari səpdi, ləl etdi şabaş,

Bəxtinin gəmisi doldu başabaş.

Xəznə saxlayanlar bol xəznə açdı,

Saçdı ətrafına qaş-daş, nə saçdı!

Əvvəl şah taxtında əyləşən insan,

O beyətlər görən eldən, qoşundan,

Bəhramın görüncə səltənətini,

Taxta, taca olan ləyaqətini,

Adlı-sanlılardan, şöhrətlilərdən

İlkin o yeriyib irəli: – Sənsən

Geniş üfüqlərə bir soltan – dedi,

Möbidlər: – Dünyaya hökmüran, – dedi.

– Şahlar şahı, – dedi xosrovlar ona,

Hamı gizli ona, aşikar ona

Afərin üstündən afərin dedi:

– Əhsən olsun sənə birə min, – dedi.

O qədər yüksəldi, Bəhram yüksəldi

Ki, başı ən uca göyləri dəldi.

Ədl xütbəsini adil hökmüran

Oxuyub, mirvari saçdı yaqutdan.

Dedi: "Tacı mənə Allahdır verən,

Tanrı vergisini şad elərəm mən.

Ona şukrüm mənim birə min olsun,

Allahı duyana afərin olsun.

Tanrı kərəminə dal çevirmərəm,

Ondan yetdi mənə bu nemət, kərəm!

Şirdən tac götürmək sanma asandır,

Qılıncdan deyildir, bu Tanrıdandır.

İndi ki, taxtü-tac verilmiş mənə,

Elə işlərəm ki, Tanrı bəyənə.

Allah qoysa, gərək çalışam elə

Məndən inciməsin bir insan belə.

Mənim dərgahımın xas olan qulu

Mənim kimi gərək düz getsin yolu.

Doğruluq yaxşıdır, uymayın yada,

Bircə düzlükdədir nicat dünyada.

Sağ qulaq düzlükdən eyləsə həzər,

Bir çox sol qulaqlar çəkəcək zərər.

Keçər bir neçə gün, mən istirahət

Eyləyib saçaram elə ədalət.

Vəzifəm, sənətim bu olsun gərək,

Zülmkara zülüm, adilə kömək.

Durduqca asiman, fələk, təbiət

Yerdə yatanlara olsun min rəhmət...

Qaradan, ağdan çox, nə ki yaşayan

Var, məndən görəcək ədalət, aman.[142]

Ədalət olacaq işim hər zaman,

Şad olmasın bundan dilşad olmayan".

Elə ki, xütbəsi şahın qurtardı,

Eşidən şükr ilə səcdəyə vardı.

Bir saat oturdu şah səltənətə,

Çəkildi, sonra da getdi xəlvətə.

İnsaflı olmağa fərman verdi şah,

Ondan razı qaldı rəiyyət, Allah.

Yığdı böyükləri, yığıncaq etdi,

Dövlətin hər işi kamala yetdi.

Загрузка...