BƏHRAMIN VƏZİRDƏN HESAB İSTƏMƏSİ

Sabah Yer üzünə işıq səpincə

Yığdı öz fərşini qaranlıq gecə.

Səhər cüt qılıncla bir zərbə vurdu,

Qalxıb öz qanıyla ayı doyurdu.

Yüksəltdi fələyə Bəhram sarayı,

Əmr etdi: gəlsin el, saldı harayı.

Coşdu axın kimi, gəldi hər tərəf,

Hamı öz yerində oturdu səf-səf.

Rastü-Rövşən dəxi hərəkət etdi,

Yuxarı başdakı yerinə getdi.

Qəzəblə çığırdı Bəhram vəzirə,

Qorxudan az qaldı o girsin yerə:

– El xaraba olub, səbəbi sənsən!

Yurd bəzəksiz qalıb, viran edənsən,

Qoydun quru yerdə, talayıb məni,

Gövhərlə doldurdun öz xəzinəni.

Qoşunun rizqini aldın əlindən,[297]

Ordu tələf oldu bu əməlindən.

Soydun rəiyyəti, talan var kimi,

Susadın canına canavar kimi.

Eldən almalıykən vergi, ya xərac,

Gah kəmər almısan, gah almısan tac.

Unutdun haqqını gözəl nemətin,

Məndən utanmadın, yoxmuş qeyrətin.

İman bəslər buna, hamı hər zaman,

Nemət küfrü pisdir dinsiz olmaqdan.[298]

Neməti tanımaq hörmət artırar,

Kim onu gözləsə, nemət artırar.

Nə rast, nə rövşənsən, aydınlıq itdi,

Getdi işıqlıq da, düzlük də getdi.

Səndən qoşun, xəznə əziyyət almış,

Nə ordu, nə xəznə yerində qalmış.

Elə sanırsan ki, şərab zamanı

Könül qafilanə atar dunyanı.

Əlini kəsərsən bizimkilərin,

Quyu qazıyarsan dərindən-dərin.

Torpaq olsun yeri qaldıranda cam

Unutsa bir dəfə qılıncı Bəhram.

İçəndə özümü unutsam da, bil,

Anla ki, fələkdən olmadım qafil".

Sözü çənbər edib, şah bir-bir aldı,

Vəzirin boynuna götürdü saldı.

Sonra bir cəllada dedi: "Onu al,

Cənnətdən sürüyüb cəhənnəmə sal!"

Əmmamədən ona qayırıb kəmənd,

Aparıb zindanda eylədilər bənd.

Ayağı kündəli, zəncirli əli,

Belə bir vəziri belə görməli.

Bu şiddətli hökmü verib tacidar,

Əmr etdi: "Ucadan şəhrə çəkin car.

Məzlumlar olunsun bu cardan agah,

Alsın qisasını qoy onların şah".

Eşitdi camaat, eşitdi ordu,

Gəlib Bəhram şahın önündə durdu.

Açıldı vəzirin yaman işləri,

İlanla deşdilər köhnə əjdəri.

Xəbərdar etdirdi şah dustaqları,

Məhbəslərdə yatan qəlbi dağları.

Hamı təqsirini desin, hər nə var,

Bəndini açmağa göstərsin açar.

Dustaqdan qurtaran cumdu, yönəldi,

Şahın hüzuruna axışdı, gəldi.

Şah yeddi nəfəri ayırdı dərhal,

Etdi dərdlərini onlardan sual:

"Bir söylə, nə üçün ömrün dardadır?

Haralısan, evin, yurdun hardadır?"

Загрузка...