BƏHRAMIN OVLAQDAN SƏRHƏNGƏ QONAQ GETMƏSİ

Taxtından enərək bir gözəl sabah

Mindi öz atına ovlaq deyib şah.

Ovladı, ovladı, gəzdi, dolandı,

Ancaq gör bir necə özü ovlandı.

Şah ov xəyalıyla düşərkən yola,

Gördü qarşısında uca bir qala,

Ətrafı yamyaşıl, güldü, çiçəkdi,

Kölgəli, bitkili, gözəl-göyçəkdi.

Soruşdu: "Kimindir bu gözəl diyar?

Kimdir bu eyvana sahib-ixtiyar?"

Şahın yanındaydı sərhəngin özü,

Xosrovdan eşidib belə bir sözü,

Yer öpdü, Bəhrama təzim eylədi:

– Sən qullar bəsləyən şahsan, – söylədi,

– Hədiyyə etdiyin bu kənd mənimdir,

Ona piyaləndən saçılmış ətir.

O yeri xoşlasa, bəyənsə hərgah,

Bu alçaq qulunu ucaldacaq şah.

Özütək sadədil xasiyyətiylə,

Səadət bəxş edən xoş niyyətiylə

Girsə şah qapımdan, ucalar başım,

Qalxıb fələklərdən öc alar başım.

Siz mənə etdiniz ali iltifat,

Bir eyvan verdiniz ömrümə sovqat.

Toxunur təpəsi Aya, göylərə,

Dövrəsi bağçadır baxsan hər yerə.

Qoynu ətirsaçan çiçək doludur,

Rövzə şagirdidir, cənnət quludur.

Nuş etsə orada şahım mey əgər,

Qapımı öpəcək min nurlu ülkər.

Tozu ətir saçar evimə, dərhal

Öküzüm süd verər, milçəyim də bal.

Gördü sərhəngdəki sədaqəti şah,

Qəbul etdi haman bu dəvəti şah.

Söylədi: "Razıyam, yeri, hazırlaş!

Ovdan qayıdaram buraya birbaş".

Sərhəng öpdü yeri və təzim etdi,

Evi səliqəyə salmağa getdi.

Bəzədi fərşlərlə eyvanı sərhəng,

Cənnətə döndərib verdi min ahəng.

Elə ki, Bəhram şah geriyə döndü,

Çətrinin şahini göydə göründü,

Sərhəng ipəklərin kəsib başından,

Rum parçalarından, Çin qumaşından

Döşədi atının keçdiyi yerə,

Gövhər saçılmışdı ipək fərşlərə.

Şah altmışpilləli uca eyvana

Yetişib çıxaraq baxdı hər yana.

Gördü eyvan göyə doğru getmişdir,

Xəvərnəqin hüsnü burda bitmişdir.

Hər halı göylərə olmuş yaraşıq,

Alır camalından fələklər işıq...

Sərhəng ortalığa gülab gətirdi,

Hər cür xörək verdi, şərab gətirdi.

Gözəl yeməklərdən Bəhram yedi hey,

Keyf etdi, şadlıqla içdi gözəl mey.

Elə ki, bir neçə piyalə sundu,

Alın güllərinə incə şeh qondu,

Söylədi: "Ey qızıl eyvanlı, sənin

Otağın gözəldir, xoşdur çəmənin,

Ucadır bu altmışpilləli eyvan,

Yəqin ki, başına onun asiman

Kəmənd atıb çıxar, belə bir uca

Eyvana, altmışı keçən ay qoca,

Necə dırmanırsan? Et məni agah".

O dedi: "Qarısın dünyamızca şah,

Abi-kövsər olsun nuş etdiyi mey,

Sunsun badəsini xoş hurilər hey,

Mən kişiyəm, buna nə lazım heyrət,

Məni yormamışdır yüksək imarət.

Bir ay parçasıtək qız var ki, lətif,

Şahın əynindəki xəz kimi zərif.

Dağ kimi öküzü alıb gətirir,

Burada, bu damda ona yem verir.

Bu altmışpilləli uca eyvanı

Birnəfəsə çıxır, yorulmur canı.

Öküz, öküz deyil, bir fildir, düzü,

Bircə mil də çəkməz piyini özü,

And olsun Allaha, belə yekə, saz

Ökuzü qaldıran əsgər tapılmaz.

Təəccüb deyilmi ki, onu bir qız

Bu uca eyvana qaldırır yalnız?"

Sərhəng sözlərini axıra vurdu,

Şah öz barmağını dişlədi, durdu.

Dedi: "Mümkün olan bir iş deyil bu,

Olsa ya sehirdir, ya da ki cadu,

Qabaqca görməsə əgər öz gözüm,

İnana bilmərəm, budur son sözüm".

Əlavə etdi ki: "Sözlərini tut,

Elə düzlüyünü bu işin sübut!"

Sərhəng qulaq asıb şirə, tez getdi,

Öküz daşıyanı xəbərdar etdi.

Gümüş bədənli qız gördü məqamdır,

Hər işi sərrastdır, hər işi tamdır,

Bəzəndi, düzəndi, döndü gəlinə,

Nərgiz xumarlığı verdi gülünə,

Aya təzə müşkü haşiyə etdi,

Sehri qəmzəsinə yaman öyrətdi.

Şətarət sürməsi çəkdi gözünə,

Nazdan pərdə saldı kinli üzünə.

Sərvi döndü qızıl bir piyaləyə,

Xizran boyu verdi gözəl laləyə.[148]

Düzdü gümüş sərvə, dürlər qəşəng,

Ayına bağladı Pərvindən çələng.

Öz yaqut ağzını bu şux gülbədən

Aşiq almasıtək dürlə böldü tən.

Çiynində saçları saçırdı ənbər,

Buxağı altına düzdü incilər.

Filin sümüyütək incə və gözəl,

Bir taxtın sahibi ondan çəkməz əl.

Zənci saçlar qara, hindu xal təzə,

Sanki vuruşmağa durub üz-üzə.

Əqiq dodaqlarda qara xal durmuş,

Zənci öz möhrünü xurmaya vurmuş.

Daş-qaşlı bir örtük başında, guya

Ulduzlardan niqab çəkilmiş aya.

Nurlu sırğaları parlar sanki tac,

Aşiq bazarını eyləmiş rəvac.

Bürünüb aysifət kafur rəng tülə,

Bənzərdi yasəmən içində gülə.

İkihəftəlik ay, o nazlı mələk

Verdi vücuduna yeddi rəng bəzək.[149]

Getdi öküz tərəf bədirlənmiş ay,

Sur bürcüdür verən aya qiymət, say.

Baş əyib qaldırdı göyə onu düz,

Əcəb gövhər tapdı, bir baxın, öküz.

Qalxdı pillələri o bir-bir dama,

Gəlib taxt önündə baxdı Bəhrama.

Öküzü qoymadı qız üzərindən,

Şir görüb öküzü qalxdı yerindən.

Təəccüb eyləyib, heyran qaldı şah,

Qız öz kəniziydi, olmadı agah.

Ay, öküzü qoyub boynundan yerə,

Dedi nazlanaraq qəhrəman şirə:

"Öküzü qarşına yalnız gətirdim,

Öz gücümcə sənə peşkəş yetirdim.

Dünyada bir nəfər olarmı varsın

Öküzü aşağı alsın, aparsın?"

Şah dedi: "Gücündən deyil bu, əlbət,

Əvvəldən etmisən bu işə adət.

Vərdiş eyləmisən hər il başabaş,

Öyrənmisən buna sən yavaş-yavaş.

Ölçüb çıxarmısan belə sınaqdan,

Odur ki, olmursan əldən-ayaqdan".

Gümüşbədən Fitnə baş əydi şaha,

Layiqincə ona eylədi dua,

Ədəblə söylədi: "Qəribədir çox!

Öküz adətlədir, gur vurmaqsa yox?

Adətlə iş görür, öküz qaldıran,

Bu başqa şey deyil, sadə bir idman.

Səbəb nədir kiçik gur vuranda sən

Olmasın bir nəfər "adətdir" deyən?"

Şah bildi Fitnədir onu danlayan,

Hindlitək üstünə atıldı haman.[150]

Yanaşıb üzündən yaşmağı açdı,

Aya göz yaşından mirvari saçdı.

Üzr istəyib, qucdu o şümşad boyu,

Qız qoşa nərgizdən tökdü gül suyu.

Yadlardan etdilər otağı xəlvət,

Başlanıldı giley, uzun şikayət.

Şah dedi: "Ev olmuş bir zindan sənə,

Yalvarıram indi peşiman sənə.

Azğınlıqdan bir od yandırdımsa da,

Sən öz halındasan, mən yandım oda".

Xəlvət olcaq ara fitnəkarlardan,

Oturtdu yanında Fitnəni haman.

Kəniz dil açaraq dedi: "Tacidar,

Fitnəni bağlayan gözəl şəhriyar!

Ey öz hicranıyla məni öldürən,

Şirin vüsalıyla sonra güldürən,

Qəmin ürəyimdə əridib yağı,

Yerindən oynadar qəm, kədər dağı.

Eşqim az qaldı ki, ala canımı,

Yanar atəşlərə sala canımı,

O gün ov zamanı, şah, kaman çəkdin,

Gurun dırnağını başına tikdin.

Belə hünər üçün verib əl-ələ

Yer deyil, əlindən öpdü göy belə.

Tərif eyləmədim bu hünəri mən,

Qovdum beləliklə bədnəzəri mən.

Çünki bəyənilən şeyə göz dəyər,

Pis gözdən insana ziyan tez dəyər.

Fələyin əjdəri ortaya ancaq

Məhəbbət yerinə saldı bir nifaq".

Şahı tutdu bu söz yaman yerində,

Saxladı bu sözü şah can yerində.

Söylədi: "Səndədir düzlük, sədaqət,

Vəfana çox şeydir dəlil, şəhadət.

Sənsən mehribanlıq eyləyən əvvəl,

İndi üzr istəyən xoşsifət gözəl.

Olsun o gövhərə min afərinlər

Ki, var xilqətində belə bir hünər.

Sərhəng olmasaydı əgər pasiban,

Daşla qırılardı bu gövhər inan".

Çağırıb sərhəngi o, xoşdil etdi,

Qolunu boynuna həmail etdi.

Verdi böyuklərə yaraşan peşkəş,

Bir dürr əvəzinə min dürr etdi bəxş.

Olsun töhfə deyib, xeyli şey verdi,

Şərəflə, izzətlə mülki-Rey verdi.

Şəhərə qayıtdı, başladı büsat.

Məclislər quruldu, verildi sovqat.

Möbidlər çağrılıb gəldi saraya,

Şah kəbin kəsdirdi o dilbər aya.

Nəşəli işrətə başladı onlar,

Keçdi bu tövrlə uzun zamanlar.

Загрузка...