BƏHRAM-GURUN ƏDALƏT VƏ SƏXAVƏTİ

Elə ki, bəzəndi tac Bəhram Gurdan,

Cəlal rövnəq aldı o təzə nurdan.

Yeddigöz kəməri bağlayaraq şah

Yeddipillə taxta oturdu gümrah.

Başda Çin papağı, tərlan döşütək

Rumi paltar verdi əyninə bəzək.

Rumdan gözəllikdə o bac alandı,

Yaxşılıqda Çindən xərac alandı.

Qurdu Cəmşid kimi taxtı dörd guşə,

Qaldırdı beş növbə tacı günəşə,

İnsafı gətirdi o bizim yerə,

Qalxdı ədalətin başı göylərə.

Dəydi insaflıya köməyi hər an,

Zülümkar olana vermədi aman.

O, qəm qıfılına bir açar oldu,

Səadət onunla aşikar oldu.

Təzədən başladı toyu dünyanın,

Geniş nəfəs aldı qəlbi insanın.

Qısır inəklər də törədi, doğdu,

Artdı arxlar boyu çağıldayan su.

Çatdı bar yetirən ağaclar bara,

Dirəmdə sikkələr mindi qərara.[143]

Onunla düzəldi işi varlığın,

Yıxıldı özülü riyakarlığın.

Şahlar, şahzadələr, hər yan, hər tərəf

Onun cəlalından tapdılar şərəf.

Ölkənin bilici iş adamları

Onun dərgahına axıtdı varı.

Qala qoruyanlar xəznə apardı,

Verdilər, xəznədə hər nə ki vardı.

Yeni fərman yazdı fərman yazanlar,

Şahın imzasıyla qurtardı canlar.

Ölkə işlərinə eylədi əncam,

Hər kəsi oxşadı qədrincə Bəhram.

Can verib diriltdi rövnəqsizləri,

Qaçqını qaytardı ölkəyə – geri.

Qoyunun hayfını qurdlardan aldı,

Şahin göyərçinlə dost qanad çaldı.

Məstliyi çıxartdı fitnə başından.

Təcavüz edənə vermədi aman.

Düşmənin canına saldı zəlzələ,

Dostlarla dünyada verdi əl-ələ.

Mərd oldu şahlıqda böyük hökmüran,

Mərd adam yaxşıdır mərdüməzardan.

Nə zaman versəydi cəza düşmana,

Cəfalar vermədən qıyardı cana.

Əlindən əziyyət çəkincə insan

Öldür, birdəfəlik köçsün dünyadan.

Gördü ki, bu torpaq damlardan ancaq

İnsana qüssələr, qəmlər qalacaq,

Özünü işvəylə o şad saxladı,

Gün sürüb, keyf çəkib, azad saxladı.

Dünyaya etibar yoxdur, qanırdı,

Eşqə, məhəbbətə arxalanırdı.

Həftədə çalışdı şah kimi bir gün,

Altı günü keçdi işrətdə bütün.

Kimin ki, eşqdən nişanı yoxdur,

Demək, ruhu yoxdur və canı yoxdur.

Məhəbbət sikkəsi vurdu aşikar,

Yaxın adamları oldu aşıqlar.

Bürüdü, cəlalı tutdu hər yanı,

Keçirdi hökmünə bütün dünyanı.

Güldü gül üzünə fərəhli həyat,

Səxavət göstərib, dolanırdı şad.

Axdı xəznəsinə dünyanın varı,

Arada olmadı qılınc, tatarı.

Ölkəsi münbitdi, təzəydi, tərdi,

Qəlbi günəş kimi bolluq sevərdi.

Ellər güvənərdi məhsuldarlığa

Varlığı düşməzdi əsla darlığa.

Bir gün xalq unutdu şükrü dünyada,

Mehribanlıq belə düşmədi yada.

Kim şükür etməsə nemətə hərgah,

Küsər o bəndəyə yaradan Allah.

Kəsilər başına bu gen dünya dar,

Çalışan ruzunu daşdan çıxardar.

Загрузка...