SÖZÜN TƏRİFİ VƏ HİKMƏT HAQQINDA

Sözdür həm təzə şey, həm də köhnə şey,

Sözdən bəhs edilir zaman-zaman hey.

Varlığın anası doğmamış, inan,

Sözdən gözəl övlad, şahiddir cahan.

Ruh kimi təmiz söz oldu gövhəri

Hatif xəznəsinin əzəldən bəri.

Söz verər bakirə hekayətləri,

Təzə namələri, rəvayətləri.

Tanrı yaratmışsa hər nə, yaxşı bax,

Sözdən başqa bir şey yaşamayacaq.

İnsanın qalacaq sözü yadigar,

Yeldir yerdə qalan başqa hər nə var.

Sən çalış yaxşıca öyrən dünyanı,

Bəşəri, bitkini, daşı, heyvanı.

Qalacaq əbədi nə şey dünyada

Öyrən günlərini vermədən bada.

Kim ki öz-özünü düşmüşdür başa,

Ona ölüm yoxdur, o ölməz haşa.

Nəqşini bilməyən fanidir, fani,

Baqi say bu nəqşi bilən insanı.

Tanısan özünü, köçsən cahandan,

Yenə bu dünyada yaşayacaqsan.

Özündən hər kim ki, deyil xəbərdar,

Bir qapıdan girər, birindən çıxar.

Qapı tüstüsüzdür, pəncərə tozsuz,

Günəşə bir baxan tapılmaz əfsus.

Heç kəs öz könlünə tutmayır irad,

Odur, varlığını eləməz abad.

Bəhanəyçin baxar hər kəs yanına,

Heç kəs turş söyləməz öz ayranına.

O kəs ki ömrünü həsr etmiş elmə,

Baş əyməz heç zaman cəzri-əsəmmə.[66]

Bilikli adamlar uzağı görər,

Cahilin zəhməti hədərdir, hədər.

Bilici tacirlər çıxarkən yola

Qorucu götürər, salar sağ-sola.[67]

Nafə yükləyəndə hər çinli əttar

Çəkər yapışqandan ona bir hasar.[68]

Şinəbub olarsa düçar qartala

Uçmaqda quşları tez qoyar dala.

Adlı-sanlılara bəla üz verər,

Yetməz xətərsizə əsla bir xətər.

Zirək quş yem üçün atılar-düşər,

Nəhayət ayağı tora ilişər.

Gözü torpaq kimi ac olan gərək

Bilsin yeyər ancaq bir qarın çörək.

Nə qədər yesələr yer anbarından,

Əskilməz bir arpa onun varından.

Arpa-arpa ondan yığan, ey insan,

Yenə də dünyaya qaytaracaqsan.

Şam kimi xoşlarsan gər qızıl tacı,

Gülsən də ağlarsan hey acı-açı.[69]

Müfərrihdəki var yaqut ilə dürr,[70]

Dolu ağlayışdır, az bir gülüşdür.

Hamının yoldaşı, gizli yarı var,

Dostu var, bir yaxın havadarı var.

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti, malı.

Kim ki yetişmədi ağıldan bara,

Oxşar insansifət əjdahalara.

İnan, zirək adam mələkdir, mələk,

Zirəklik gözəldir, əcəbdir gerçək.

Yazılmış alnına hər şey əzəldən,

Cəhd eyləsən belə, nə gələr əldən?

Hər halda sən çalış, həyat əməkdir,

Cənnət kahıllığı nəyə gərəkdir?

Kim qayğı bəsləsə öz əməyinə,

Özgəyə pis baxsa, o pisdir yenə.

Hər kim beləsiylə aşna, yar olar,

Özgələrə qarşı bədəfkar olar.

Kimin ki, qəlbində vardır hümməti,

Onun da yaxşılıq olur neməti.

Çalış, ayağına tikan batsa da,

Tənə bəhanəsi olmasın yada.

Bu deməsin: ömrün yetibdir başa,

O gülməsin: başın dəyibdir daşa.

Əl tutmasa belə, kömək etməsə,

Gülməsin zavallı halına kimsə.

Yaxşıdır qəminə güləndən, barı

Yadında saxlayan yaxşılıqları.

Acgözün yanında yemə gəl çörək,

Yesən, çağırasan süfrənə gərək.

Müflisin önündə əl atma zərə,

Sarınar xəznənə, dönər əjdərə.

Yaz yeli olsa da ürəyə dayaq,

Sönər, qarşısında yandırma çıraq.

İnsan yem dalınca qaçmasın gərək,

Quşdan ayıq olsun, zirəkdən zirək.

Köpək eləsindən yaxşıdır, düzü,

Ki, hey eşşək kimi otdadır gözü.

Çalış öz xalqının işinə yara,

Geysin əməlindən dünya zərxara.

Xoş ətirlər saçmaq istəyən adam

Gültək xoşxasiyyət olmalı müdam.

O aqil nə deyib bilmirsən məgər:

"Rahat yatan yaxşı yuxular görər".

Bədxislət doğulub hər kim anadan,

Ölər o xislətdə, gedər binadan,

Kim gəlsə dünyaya xoşxislət, xoşhal,

Tərk edər dünyanı yenə o minval.

Tutma bir çörəkçün möhkəm cahanı,

Öldürmüş sən kimi o çox insanı.

Torpaq vüçuduna vurma min bəzək,

İnsana qum kimi sadəlik gərək.

Kim desə pak duyğu insandan doğar,

İnsan da torpaqdan hər zaman doğar,

De ona: "Gül ki var, yeri tikandır,

Möhrənin məkanı şahmar ilandır",[71]

Çarpış dünya ilə şiri-nər kimi,[72]

Yoxsa udar səni o, əjdər kimi.

İnsan əjdahadan dostluq gözləyər?

O, yalnız adamı parçalar, yeyər.

Köpək girsə belə dərviş cildinə,

Köpəkdir, köpəkdir, köpəkdir yenə.

Bir dost ki, dost ilə hey nifaq eylər,

O, demək, düşmənlə ittifaq eylər.

Milçək ki hər yana qonur uçaraq

Ağı qara eylər, zil qaranı ağ.[73]

Bu quldur tayfadan çəkil kənara,

Doğra bu dörd bəndi, et para-para.[74]

Bir yerdə ki, düşə hörmətdən dindar,

Zahid sərxoş olur, Yusif canavar.

Can qurtarmağa var indi iki yol:

Ya pisliyi bəyən, ya pis adam ol.

Ancaq görməz rəva, həqiqi bəndə

Ki, düşsün ayağı belə kəməndə.

Cəhənnəm qalamaz belə bəndələr,

Neft arayıb təlqi tökməzlər hədər.[75]

Qalx, əzək başını bu fitnənin biz,

Məhv eyləyək tamam, bu – vəzifəmiz.

Bəs deyil baş əydin pula, qızıla –

Saldın dörd düyünə, yeddi qıfıla?[76]

Yel, qızıldan ötrü, yaxşı nəzər sal,

Gör necə eylədi laləni pamal,[77]

Çayır ki yoxsuldur, ona dəyməyir,

Onu məhv etməyir, əsla əyməyir.

Gəzmə ağ buludtək başında xəznən,

Ayaqla xəznəni günəş təki sən.

Torpaq ki buluddan rütubət çəkər,

Öpsə ayağını, dönüb olar zər.

Eylə qızılları günəşə şabaş,

Uyma, gün ləlinin başına vur daş.

Qızılı saymaqda, bil ki, səhvin var,

Dünyanın gözünü ağıl parladar.

Zər birləşməz iki hərfdir, gerçək,

Birləşsinlər deyə nədir bu əmək?[78]

Qızılla doldurma könlü yer kimi,

Yoxsa dağılarsan sən də zər kimi.

Sarılıq azarı tutsa bir gözəl,

Lacivərdi köynək geyər əlbəəl.[79]

Bir tərəzi çəksə qızıl cağbacağ,

Minlərlə qapıdan olar daş-qalaq.

Hay-küydən qoparıb guya, et xəyal,

Yığdın az-çox qızıl, haram, ya halal,

Bir qayğısız gəlib xəlvəti çalmış,

Qızıl yığan ölmüş, oğrusa qalmış.

Qızıl xərclənəndə işrət gətirər,

Saxlansa əziyyət, heybət gətirər.

Kim qızıldan ötrü ölür boş yerə,

Demək, o sitayiş eyləyir zərə.

Bax bir əbləhlərə, vurulub qaşa,

Dost dostla gör necə girir savaşa.

Bir xəznə ki, ancaq cəfa naxşıdır,

Ondan üz çevirmək daha yaxşıdır.

Çoxmu hambal olub bu dünyaya sən

Yerdə qızıl yükü gizlədəcəksən?

Üç işlək qəhrəman, qoç hambalın var,

Dördüsə evini eylər tarü-mar.[80]

Səninlə zidd olan torpaqla külək

Əlifsiz yazılan xak və bad demək.[81]

Xurma ağacına tac olan tikan

Ayrılsa, fərqi yox onun maşadan.[82]

Tutar qarınqulu çox əziz hər an

Xingal yarpağını gül yarpağından.

Öz tamah dişini çıxart, at yerə,

Ta ki, oxşayasan əziz gövhərə.

Daraq olmasaydı mindişli, bəli,

Xalqın saqqalında gəzməzdi əli,

Bir can dərmanına çatmaqçün, əlbət,

İçirlər min kərə zəhərli şərbət.

Qəssab dükanının ağzında hanı

Pay alan, içmədən bir ciyər qanı?[83]

Yüz ciyər doğranır parçalanaraq,

Ta ki, bir böyürdə qat bağlasın yağ,

Bir girdəbudlunun şişsin peysəri

Deyə, yüz min boyun qanrılır geri.

Bu – xəznə başına qoymuşdur ayaq,

O – bir zərrə qızıl tapmaz heç sayaq.

Kimin muradınca olur bu işlər?

Muradsız yaşamaq hər şeyə dəyər.

Kim tapsa gec murad, onu sal başa,

Müjdə ver, de ki, o dolacaq yaşa.

Çox yaşar murada gec yetən adam,

Murada yetincə ömr olur tamam.

Ləl çox gec doğur, ömrü çox olur,

Lalə tez göyərir, tez də yox olur.

Məclis nurlandırdın şam kimi yetər,

Yandırma özünü, satma cilvələr.

Bu şəhvət bəndindən ayağını çək,

Başını bu küpdən çıxart, bir görək.[84]

Başdan yeddi kökü kəsib atmalı,

Ayağından çıxart dörd mıxlı nalı.[85]

Həşəmlə örtülü quyu üstündən

Həsir ya daş kimi ölü keçmə sən.[86]

Şimşəktək diriykən öl ki, güləsən,

Candır əsil həyat, nə lazım bədən?

Çəkilsən qabağa bir mürid, deyə,

Elə get olasan mürşüd dəstəyə.

Bəzi müridlər tək olma bimurad,

Bəslə təvəkkülə daim etiqad.

Hər zaman yarardım müşküldə, darda,

Mən kəndxuda qaldım kənddən kənarda.[87]

Çıxıb qarşılayan qərib mehmanı,

Süfrə açan hanı, su verən hanı?

Ağıl, nə deyirəm anlayar məni,

Nələr axtarıram, o duyar məni.

Mənim şikayətim yoxluqdan deyil,

Ondandır, ondandır, bunu sən də bil.

Almaz türklüyümü həbəş ölkəsi,

Olmuş xoş dovğadan məhrum cümləsi.[88]

Bir zaman vardı ki, qoraydım, kaldım,

Onda sevilirdim, elə bil baldım.

Məni budağımdan ayırardılar,

Suyumdan tutiya qayırardılar.

Onda ki, üzümtək kamala doldum,

Arı neştərinə nişanə oldum.

Şərabı torpağa töksələr hədər,

Üzümün qiyməti puç olar gedər.

Nə sayaq sürdülər, yeridim, elə

Yatmış su – ad qoyub, saldılar dilə.

Deyirlər, məsəldir xalq içində bu,

Qızıl çeşməsidir yatsa əgər su.

Yatmış su gümüşdür, demə zər ona,

Buz belə şahidlik eyləyir buna.

Gümüşü buz ilə qızılın, zərin

Ayla günəş qədər fərqi var dərin.

Simi "yey"siz əgər qoysan baş-ayaq,

Çevrilər mis olar o gümüş ancaq.[89]

Sözləri zər kimi işlədim hər an,

Gümüş qiymətinə olmadı alan.

Özgələr dəmiri satır gümüşə,

Qızıla bürünüb gəzir həmişə.

Vay o zərgərə ki, tapmaz müştəri,

Gümüş qiymətinə getməyir zəri.

Bu cinayət mənə çox eyləyir kar,

Hünərlə yox, bəxtlə qazanılır var.

Sərraf ki, hər şeyə qiymət verəndir,

Yoxdur bir arpası bu gün nədəndir?

Pambıqla kətanı ayırd etməyən,

Asimana çaşıb risman deyən[90]

Doldurur sandığa qızıl, xəz, xara,

Kətan, qumaş vurur hər gün anbara.

Belədir gövhərin, gümüşün işi,

Onları tərk eylə, burax keçmişi.

Gəldikmi dərd çəkək xarabaya biz,

Günəşi hey çəkək aftafaya biz?![91]

Çoxlarının səsi məzardan gələr,

Bizim də sədamız bir gün yüksələr.

Çoxları mənimtək şikayət etmiş,

Qüssəsi bitmədən yatıb da getmiş.

Nə qədər çökməyib yuxu gözümə,

Əməyi eyləyim sənət özümə.

Yolçu yemək alar, çıxar səfərə,

Tez keçər rast gəlsə qorxunc yerlərə.

Eşşəyim gəlməyir, mənsə gedirəm,

Belə getməyimə şübhə edirəm.[92]

Yuvam bu dünyadan düşdükdə kənar,[93]

Eylər gedişindən məni xəbərdar.

Xəbərsiz danışan olma bu çağda,

Gözlərini yumub yatma qucaqda.

İnsan gözlərindən çəkil, iraq get,

Sirrə məhrəm olub, dinmə, sükut et!

Hali ol, ey gözüm, birdəfəlik bil,

Öyrənib tutduğun əsla düz deyil.

Qüruru tərk eylə, burax bu fili,

Yolda xəndək atıb zamanın seli.

Fələk çox bu sayaq işlər yaratmış,

Fili sərt torpaqda xəndəklər atmış.[94]

Bu fildən duymursan qorxu əsəri?

Keçdiyin yollara boylan, bax, geri!

Gör nə gətirmişdin, indi nəyin var!

Bu qoşa fillər ki, belə çarpışar,[95]

Onların içindən yaxşı bil ki, sən

Gəldiyin kimi də geri dönərsən.

Dənizdən və dağdan borc alıb taxan

Fələklə oynaya bilməz heç zaman.[96]

Çalış borcunu ver getsən hər yana,

Ta ki, oxşayasan yüksüz heyvana.

Dünyanın yükünü üzərindən at,

İstədiyin yerə sonra çal qanad.

Taxtü-tacdan ayrı düşməzdən əvvəl

Üstündən yerə sal ağır yükü gəl.

Paxıllıq tozuyla elə gün olar

Günahsız qönçələr saralar, solar.

Gül kimi silahı tökdüm torpağa,

Həsəd dükanından qaçdım uzağa.

Əynimə geydiyim dərviş paltarı

Paxıllıq odundan qorusun barı.

Bu dəhşət yurdunda dolduqca yaşa,

Ömür ancaq belə vurular başa.

Bu köhnə saraydan edərkən rihlət,

Fələkə söylə ki, nə bilirsən et!

Yetər, ey Nizami, düşdün zindana,

Qalx, uca səsinlə səslən hər yana.

Tapşır öz canını pərvərdigara,

Əbədi səadət tap, yetiş vara.

Загрузка...