Məni bədnamlığa düçar eyləyən
Günahkar bəxtimdir, bilirsən, əlbət;
Məni bəd əmələ vadar eyləyən
Bu kor taleyimə lənət, min lənət.
Boyaqçı əli tək adım pak olmaz, —
İşim rüsvay edir məni hər zaman.
Ad öz sahibindən heç vaxt ayrılmaz,
Kömək et, ləkəni yuyum adımdan.
Davanın-dərmanın olsa əlacı,
Xəstə tək içərəm, içərəm hər dəm.
Ən acı məlhəmi sanmaram acı,
Ən ağır cəzanı qəbul edərəm.
Şəfa tapmağımı istəsən əgər,
Dostum, təkcə rəhmin kifayət edər.