Ulduzlarla fala baxaraq bir dəm
Mən deyə bilmərəm münəccimlər tək:
Bu ulduz gətirir taun, aclıq, qəm,
O ulduz səadət, bol məhsul, çörək.
Yağışla, küləklə, şimşəklə, qarla
Söyləyə bilmərəm taleyi heç vaxt.
Nə bilim, günəşli, gözəl rüzgarla
Hansı bir şahzadə olacaq xoşbəxt.
Baxıb dəyişməyən şən ulduzlara —
Sənin gözlərinə deyərəm aşkar!
Olsa bir övladın, yetib bahara,
Həqiqət, gözəllik birgə gül açar.
Varisin qalmasa, bu inci, gövhər
Səninlə məzarda torpağa dönər.