Mənə etinasız olsan bir zaman,
Tutulsa günəşim, batsa ulduzum,
Mən özüm özümlə vuruşub hər an,
Sənin tərəfinə keçərəm, quzum.
Nöqsanım özümə yaxşı bəllidir,
Yazaram haqqımda böyük hekayət.
Gizli nəyim varsa, açaram bir-bir,
Sən məni itirib taparsan şöhrət.
Şənin, ləyaqətin artar ilbəil,
Ziyana düşsəm de, gəlmərəm dilə.
Yüksəlsən, ikiqat yüksələrəm, bil,
Mənim məhəbbətim belədir, belə.
Təki sən haqlı ol, mən düşüb dərdə,
Bütün yalanlara olaram pərdə.