Könlün rədd edirsə görüşümüzü,
Sən ona söylə ki, öz arzun mənəm.
Hər qəlbdə arzunun yeri var, düzü,
Qoy arzum arzuna qarışsın, sənəm.
Doldur arzularla eşq xəzinəni,
Qəbul et mənim də bircə arzumu.
Bir sayı cəlb etməz heç bir kimsəni
Böyük haqq-hesabda, kim bilmir bunu?
Öz aşiqlərini bir-bir sayarkən
Qoy mən heçə dönüm, dəyməyim gözə.
Fəqət ləyaqətdən söz düşən zaman
Birinci mən olum, mən çıxım üzə.
Adımı sev, məni sevərsən onda,
Bil, adım arzudur, ölməz cahanda.